İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sən gərək Sumqayıtın bugününü görəydin, Ata!

Sən gərək Sumqayıtın bugününü görəydin, Ata!



Bugünkü Sumqayıt sənin bir vaxtlar gördüyün Sumqayıt deyil...


Sən Sumqayıtı çox sevirdin, Ata!.. Bəlkə də, oğlun və yaxın qohumların bu şəhərdə yaşadığına, ilk nəvən bu şəhərdə dünyaya göz açdığına görə. Tez-tez gələrdin Sumqayıta  - bayramlarda, nəvələrinin ad günlərində... Sumqayıta gəlişin sənin üçün də, bizim üçün də toy-bayram olardı.


Uğrunda vuruşduğun Qələbə günü - 9 may ərəfəsində Rusiya və  Ukraynadakı döyüş dostlarının dəvətilə onlarla görüşmək üçün də əvvəlcə Sumqayıta gəlib, burdan yola düşərdin gəncliyinin döyüşlərdə keçdiyi o yerlərə. Bir müddət o yerləri gəzib-dolansan da, dörd illik ağır döyüş yollarını birgə keçdiyin veteran dostların səni əziz qonaq kimi qarşılayıb, ehtiramla, hədiyyələrlə yola salsalar da, rayona - kəndimizə qayıdanda özünlə hökmən çox sevdiyin 5-10... Sumqayıt çörəyi də alıb aparardın: bəlkə də hələ bir-neçə gün də Sumqayıtın ətrini-dadını duymaq üçün. Mənə də həmişə tapşırardın ki, kəndə gələndə hökmən Sumqayıt çörəyi alıb gətirim...


Bəli, sən Sumqayıtı çox sevirdin. Onun geniş, yaşıl küçələrini, sahil parkını gəzib, istirahət etməyi, bizimlə birgə dənizin ləpədöyəninə qədər gedib, yodla zəngin təmiz dəniz havasıyla nəfəs almağı xoşlayırdın. 

Hərdən Bakıya da gedərdik. Dincəlmək üçün yolumuzu bulvara da salardıq. Orda nəvələrinlə gəzmək sənə başqa bir zövq verərdi. Paytaxt bulvarında uşaqların bir-birindən maraqlı əyləncə qurğuları və oyuncaqlarında əylənib-şənləndiklərini görərək, nəvələrinin də orda sevinclə oynadıqlarına baxıb fərəhlənsən də, onların bakılı uşaqlara həsədlə baxdıqlarını da yəqin ki sezməmiş deyildin. Axı, Sumqayıtda uşaqların o cür əylənə biləcəyi, böyüklərin də onlarla birgə rahatlıqla dincələ biləcəyi elə bir bulvar yox idi. Sən də, elə nəvələrin də sumqayıtlı uşaqların əylənməsi üçün doğma şəhərdə bulvarın olmamasına fikrən təəssüf edər, Sumqayıta bir az həvəssiz qayıdardınız... Sən yol yorğunu olardın və yəqin ki o zaman düşünürdün ki, axı belə bir gözəl bulvar niyə Sumqayıtda olmasın ki, xeyli vaxt itirib, Bakıya getmək lazım gəlsin? Axı, bu gözəl şəhərin də kilometrlərlə uzanıb gedən, bulvar yaradılmalı geniş dəniz sahili var. Qəlbən çox təəssüf edirdin yəqin. 

İndi isə mən təəssüf edirəm ki, çox sevdiyin bu şəhərin sahil boyunca uzanıb gedən, gözəlliyi, füsunkarlığı ilə göz oxşayan Sumqayıt bulvarının gözəlliyini görmək, o böyük sevinci duymaq sənə nəsib olmadı... 


Sumqayıt bulvarı - şəhərin brendi, vizit kartı 

Kaş görəydin ki, indi Sumqayıtın özünün yerlərə-göylərə meydan oxuyan, brilyant boyunbağı kimi bütün sahil boyu uzanıb gedən (4 km-dən uzun. İndi daha bir kilometr uzadılır) necə gözəl, müqayisəyə gəlməyən füsünkar bir bulvarı var. İstirahət etmək üçün bura gündüzlər də, axşamlar da minlərlə adam axışıb gəlir - ailəsi-uşaqları ilə gələnlərin, bu gözəl şəhəri qurub-yaradan veteranların, gənclərin sevinci bu dənizli-səmalı geniş məkana sığmır. Sənin də bu füsünkar, ömür uzadan gözəllikdən zövq almağını, gəzib, istirahət etməyini çox istərdim. Axı, sən bu möhtəşəm gözəlliyi görsəydin, bəlkə ömrün də bir qədər uzanardı... 

Təsadüfi deyil ki, ölkə başçımız İlham Əliyev də gördüklərinə az qala inana bilməyərək, Sumqayıt bulvarını möcüzə adlandırıb. Bu, həqiqətən də böyük bir möcüzədir - Xəzərin sahilində ucaldılmış bu gözəl şəhərdə onun 65 illik tarixi ərzində bulvarın olmaması fonunda cəmi 8-9 aya belə bir romantik gözəlliyin yaradılması həqiqətən bir möcüzə, fantastikadır.  

Yadımdadır, son illər sən Sumqayıta gələndə mən Bakıdakı işimdən qayıtdıqdan sonra hərdən səninlə və uşaqlarla birgə dəniz sahilinə gəzməyə çıxardıq. Ancaq axşamlar dənizə doğru getdikcə işıq dirəklərinin tədricən azalması, əl fənərinin işığında, bəzən də qaranlıqda yol getməyimiz, şüşə tullantı-qırıqlarının, müxtəlif dəniz heyvanlarının sahilə atılmış iylənən cəmdəklərinin rast gəlindiyi sahələr, hər addımda yanından dolanıb keçməyə məcbur olduğumuz lehməli-palçıqlı iri gölməçələr, istirahət üçün dənizə gedib-gələnlərin yolunu kəsən 1,5 metr diametrli borular çox zaman bizim də, sahil gəzintisinə maraq göstərən digərlərinin də həvəsini öldürürdü (yaşlı adamlar o hündür, "ərəbzəngi" borulardan o taya keçə bilməyib, geri qayıtmalı olurdular). Üstəlik də yayda daha da çoxalan, adamı didib-dağıdan ağcaqanadlar... Bir sözlə, dəniz sahilinin bütöv antisanitariya "palitrası" məyusluq yaradırdı.  

Bunlar təkcə səni və məni yox, bütün sumqayıtlıları narahat etsə də, "gözümüzü açıb" o cür gördüyümüzdən o yerlərin nə vaxtsa düzələcəyini, abad olacağını heç fikrimizə də gətirmirdik. O yerlərdən yalnız təəssüflə aralanmalı olurduq. 

2015-ci ilə kimi elə belə də davam etdi. Bunlar azmış kimi, şəhərin əvvəlki rəhbərliyi kanalizasiya sularını da həmin əraziyə yönəltmək üçün böyük "təmizləyici kompleks" yaratmaq xülyasına düşmüşdü. İki ilə qədər o əraziyə yüzlərlə ton qum-torpaq daşındı, böyük "bənd-bərə" quruldu, ancaq sonradan özül qoymaq üçün hara qazıldısa, su çıxmağa başladı, nəzərdə tutulmayan böyük su hovuz əmələ gəldi. O keçmiş başçının, onun layihəçi və tikinti komandasının uğursuz işi dövlətə milyonlarla manat ziyan vurdu, külli miqdarda vəsait havaya sovruldu. Çox keçmədən onlar başçı qarışıq hamısı işləri yarımçıq qoyub, aradan çıxdılar.


Sahil şəhərciyi, dəniz mikrorayonu

Ata, indi həmin dənizkənarı sahəni görsəydin, onun necə bir reallıq, həqiqət olduğuna bəlkə də heç inanmazdın, gördüklərinin nağıl, yuxu olduğunu düşünərdin. Çünki indi həmin ərazidə - bir vaxtlar palçıqlı-bataqlıqlı, tullantılar yığnağı olan, yeraltı suların qarşısının alına bilmədiyi sahələrdə onlarla çoxmərtəbəli evlər ucalır, gözəl şəhərcik salınır. Axı, indi tikinti komandası da başqadır, onlara istiqamət verən şəhər rəhbəri də!.. 

İndi orijinal memarlıq üslubunda inşa edilmiş çoxmərtəbəli yaşayış binaları ilə yanaşı müasir otellərin də olduğu, bütün mühüm infrastuktura malik yeni yaşayış massivi, hər addımdakı gül-çiçək, qızılgül cərgələri göz oxşayır. İndi oranı tam əsasla Sahil şəhərciyi və ya Dəniz mikrorayonu da adlandırmaq olar. Orada 8-12 mərtəbəli binaların tikintisi bu gün də sürətlə, uğurla davam etdirilir. Bugünlərdə mən orada iki il əvvəl istifadəyə verilmiş yaşayış kompleksində mənzil almış bir dostumla görüşəndə onların çox gözəl, əyləncəli uşaq meydançası olan, böyüklərin də zövqlə, rahatlıqla  dincəldiyi yaraşıqlı həyətlərinə, mənzillərin orijinal və rasional layihələndirilməsinə heyranlığımı gizlədə bilmədim. Düzü, Sumqayıtın heç bir yerində belə gözəl yaşayış kompleksi görməmişdim. Ora sanki tamam başqa bir aləm, başqa bir dünya, uşaqların və böyüklərin mehribanlıqla, bir ailə kimi qaynayıb-qarışdığı alınmaz bir qala, Sumqayıtın "İçəri şəhəri"dir. 

...Ata, sən ilk dəfə Sumqayıta gələndə 9 may qələbəsindən cəmi 22 il ötmüşdü, Sumqayıtın 18 yaşı hələ tamam olmamışdı. Müharibə illərində gözlərin qarşısında neçə-neçə dağılan, yerlə-yeksan olan şəhərlər görmüş bir döyüşçü kimi Azərbaycanda belə bir gənc, gözəl şəhərin yaradılması səni çox sevindirirdi, bundan böyük qürur hissi duyurdun (həmin illərdə sən də sürətlə inkişaf edən, gündən-günə böyüyüb-ucalan bu şəhərə köçmək istəmişdin, ancaq burdakı xudbin qohumlardan biri ona "yük" olarsan deyə, səni fikrindən daşındırmışdı).

Ancaq illər keçdikcə - ötən əyyamın 90-cı illərinə doğru respublikanın çox yerlərində olduğu kimi, Sumqayıtın həyatında da sanki bir durğunluq başladı. Sosial sahələrdəki bəzi nöqsanlar - yaşayış binalarının baxımsız, yeknəsək görkəmi, yolların çox yerlərdə sökük-dağınıq, yamaqlı olması və s. sənin də diqqətindən yayınmırdı. Ancaq buna görə təəssüf hissi keçirsən də, çox sevdiyin bu şəhərin qüsurlarını da sakitcə qəbul edirdin (başqa neyləyə bilərdin ki?..). Şəhərin mərkəz hissələrindəki evlərə hərdənbir əl gəzdirilib, az-çox təmir edilsə də, "gözdən uzaq, könüldən iraq" olan məhəllə və mikrorayonların həyətlərinin, dalanlarının, qapı-pəncərələrinin vəziyyəti heç də ürəkaçan olmurdu. Hələ suyun, qazın, işığın da fasilələrlə verilməsi, evlərin damlarının çox yerlərdə yamaq-sökük olması, bu səbəbdən də qarlı-yağışlı günlərdə yuxarı mərtəbələrdəki mənzillərə yağış sularının damması haqlı narazılıq doğururdu. 

...Yadımdadır, bir dəfə gecə yarısı gur, selləmə yağış yağanda tələsik oyanıb, məni də yuxudan oyatdın ki, yatdığın qonaq otağının künc-bucağından yağış damır. Əlacsızlıqdan evdəki vedrə-vannaları tez düzdük yağış damcılayan yerlərin altına. Və mən məcbur olub, gecə yarısı, soyuqda fənər işığıyla dama qalxdım ki, su daman yerləri mümkün qədər ordakı qırıq-kəsik şiferlərlə tutum. Küləyin-yağışın cövlan etdiyi şəraitdə dəlmə-deşiyi tutmaq heç də asan deyildi. Damdan düşənə qədər isə yaxşıca üşüyüb-islanmışdım. 

Yayda da vəziyyət ürəkaçan olmurdu. Bəzi məhəllə və mikrorayonlarda rütubətli zirzəmilərdən qalxan üfunət iyi, həmin şəraitdə ağcaqanadların daha da çoxalaraq, gecələr evlərə hücum çəkmələri, sakinlərə "divan tutmaları" adi hala çevrilmişdi. Ona görə ki, ciddi tələbkarlıq olmadığından şəhərin Sanitar-epidemioloji stansiyası bu sahədə ardıcıl iş aparmır, vaxtında lazımi profilaktik tədbirlər görmürdü. 

 Bir dəfə isə axşam vaxtı Sumqayıtda səninlə getdiyimiz "Jiquli" maşınının qəfildən qapaqsız, ağzı açıq qalmış kanalizasiya lükünə düşmüşdü. Özümüz çox da zədələnməsək də, maşına ciddi ziyan dəymişdi, əlavə xərcə düşdük. Təəssüf ki, o vaxtlar yollara və kanalizasiya, kommunikasiya xətlərinə lazımi diqqət göstərilmədiyindən şəhərdə bir-çox qəza, yol-nəqliyyat hadisələri də baş verirdi. İndi belə hadisələrə, demək olar ki, təsadüf edilmir. 


Abad şəhər yolundan bəlli olar... 

Yaxşı ki, şəhərin problemlərinin artmaqda davam etdiyi bir vaxtda - 2015-ci ilin sentyabrında Sumqayıta bacarıqlı, nüfuzlu təşkilatçı, şəhərin sadiq, qayğıkeş və işgüzar yetirməsi İcra başçısı təyin olundu. O, sumqayıtlıların sosial-məişət qayğılarına, üzləşdikləri çətinliklərə yaxşı bələd olduğundan, ilk günlərdən çox düzgün olaraq şəhərin əsas problemlərinin həllindən - yolların, yaşayış binalarının, uşaq baxçalarının, məktəblərin və mədəniyyət ocaqlarının kompleks təmirindən başlamağa qərar verdi. 

Çoxillik "mərkəzəqaçma" ənənələrinin əksinə olaraq yolların, küçələrin təmiri, yenidən, həm də keyfiyyətlə asfaltlanması, məhəllələrin abadlaşdırılması, binaların dam örtüklərinin yenilənməsi işləri şəhərin mərkəzi hissələrindən yox, ucqar mikrorayonlardan başlanıldı. 

Son 4 il ərzində Sumqayıtın daxili yollarının, küçə və meydanlarının, həyətlərin, uşaq meydançalarının böyük bir hissəsinin tam təmir edilib, yenidən asfaltlanıb-abadlaşdırılması olduqca geniş miqyaslı, ağır zəhmət və külli miqdarda vəsait tələb edən məsələlər olsa da, həmin işlər ardıcıllıqla, kompleks şəkildə və qətiyyətlə aparıldı. Sevindiricidir ki, şəhərdə görünməmiş miqyasda aparılan işlərin uğurla davam etdirilməsi üçün ölkə rəhbərimiz İlham Əliyev Sumqayıta bir-neçə dəfə böyük həcmdə maliyyə vəsaiti ayırmaqla dəstək oldu, həmişə olduğu kimi əməksevər sumqayıtlılara mühüm diqqət və qayğı göstərdi. Və çox yaxşı ki, şəhər rəhbərliyi Prezidentin ayırdığı vəsaitdən düzgün və səmərəli istifadə etməyə bacarıqla nail ola bildi. Məhz bunun nəticəsidir ki, aylarla aparılan gərgin işlərin bəhrəsi olaraq şəhərin həm Bakı-Quba magistral yolu tərəfdən olan əsas giriş yolu, həm şimaldan - Hacı Zeynalabdin qəsəbəsi tərəfdən gələn yol, həm də aeroporta, Novxanıya, Saray qəsəbəsinə aparan yollar son dövrlərdə genişləndirilib, yüksək keyfiyyətlə asfaltlandı, gözəl, qəlb oxşayan infrastruktur yaradıldı. 


Rəhman ORXAN

Rəy bildir +
Oxşar xəbərlər
NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı
10:1722 may

28 il əvvəl Heydər Əliyevlə müsahibəni dərc etməyə yalnız "168 saat"ın cürəti çatdı

1991-ci ilin noyabrında Azərbaycanın kommunist hakimiyyəti ümummilli lideri Heydər Əliyevi Bakıya buraxmırdı, onun ətrafında informasiya blokadası yaradılmışdı. Belə bir məqamda o vaxtkı cəbhəçi, hazırda Qeyri Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Naxçıvana gedib Heydər Əliyevdən

NÜVƏDİYƏ SON SƏFƏR
17:0121 avqust

NÜVƏDİYƏ SON SƏFƏR

Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan - Göyçə-Zəngəzur

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Evlərimizə işıq gətirən adam
15:1704 iyun

Evlərimizə işıq gətirən adam

O, öz uğurunu sanki gənclik şəhərinin 15, özünün isə 45 yaşına həsr etmişdi. Bugünlər görkəmli energetikin 100 illik yubileyidir